|
|
 |
Qarabaği unutmayaq.
20 fevraldan 26 fevraladək... Və ya Dağlıq Qarabağı necə itirməyə başladıq? 1988-in 20 fevralı Qarabağ davasının ilk səhifəsini hüquqi müstəvidə uduzmuşdusa, həmin ilin 22 fevralında bu davada ilk şəhidlərini vermişdisə və bütün bunlardan nəticə çıxarmamışdısa, 1992-nin 26 fevralı ilə artıq Dağlıq Qarabağı faktiki olaraq itirdik. 1988-ci il fevralın 20-si Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü ilə müşayiət olunan Dağlıq Qarabağ münaqişəsinin formal tarixçəsinin başlanğıcı sayılır. Həmin gün Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) inzibati mərkəzi olan Stepanakert (Xankəndi) şəhərində DQMV Xalq Deputatları Sovetinin erməni deputatları növbədənkənar sessiya çağıraraq "Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsi haqqında" qərar qəbul ediblər. İclasda çıxarılan qərarla bağlı SSRİ Ali Sovetinə müraciət də qəbul edilib və SSRİ Konstitusiyasında "millətlərin öz müqəddəratını təyin etməsi" prinsipi əsas tutularaq DQMV XDS-nin bu təşəbbüsünə müsbət cavab verilməsi xahiş olunub. Dağlıq Qarabağ ermənilərinin bu aksiyası istər o vaxtkı, istərsə də bugünkü hüquqi reallıq müstəvisində qeyri-qanuni, yəni legitim olmayan hərəkət idi. Təkcə ona görə yox ki, o vaxtkı SSRİ Konstitusiyasının müddəalarına əsasən, müttəfiq respublikanın tərkibindən hər hansı muxtar bölgənin çıxması üçün onun (yəni bizim misalda Azərbaycan SSR-in) razılığı olmalıdır. DQMV XDS adından çıxarılan qərar həm də ona görə qeyri-qanuni idi ki, sözügedən qurumun səlahiyyəti hələ 1988-ci ilin yanvarında başa çatmışdı və yeni seçkilər keçirilməli idi. O vaxtkı Azərbaycan (SSR) rəhbərliyinin baş verənlərə astagəl münasibəti də elə hüquqi kontekstdə oldu, Azərbaycan SSR Ali Soveti qərarı qeyri-qanunsuz adlandırdı, Moskvaya, SSRİ Ali Sovetinə müvafiq müraciət edildi. Bir sözlə, Azərbaycan rəhbərliyi ermənilərin Dağlıq Qarabağdakı açıq separatçılıq hərəkatını hüquqi (formal) cəhdlərlə və bir də erməni radikallarını ağıl və təmkinə çağırmaqla önləməyə çalışırdı. Gerçəkdə isə Dağlıq Qarabağ ermənilərinin hərəkəti Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə (o cümlədən SSRİ Konstitusiyası ilə müəyyənləşmiş) qarşı aşkar qəsd idi və onun qarşısı adekvat olmalı idi. Sözsüz ki, 1988-ci il fevralın 20-də baş verən hadisə formal olaraq Dağlıq Qarabağ konfliktinin başlanğıcı sayılır. Çünki de-fakto Ermənistanın Dağlıq Qarabağla bağlı ərazi iddiaları və bölgədəki separatçılıq prosesləri çoxdan başlamışdı. Amma gerçək ondan ibarətdir ki, biz Dağlıq Qarabağ münaqişəsinin formal tarixçəsinin ilk mərhələsindəcə baş verənlərə adekvat münasibət göstərə və konfliktin gələcək fəsadlarını önləmək üçün real tədbirlər görə bilmədik. 1988-ci ilin 20 fevralından sonrakı hadisələr bunu bir daha təsdiqlədi. *** 20 fevraldan sonra 22 fevral gəldi - elə həmin 1988-ci ildə. Həmin gün Dağlıq Qarabağ münaqişəsinin ilk toqquşması oldu və biz ilk şəhidlərimizi, Ağdam rayonundan iki gəncimizi itirdik. Əgər 1988-ci ilin 20 fevralı Dağlıq Qarabağ münaqişəsinin hüquq müstəvisində ilk toqquşması (Ermənistanın Azərbaycanın suveren hüquqlarına qəsdi) idisə, iki gün sonra Əsgəran yaxınlığında baş verən olayla proses bilavasitə konflikt halına gəldi. Və yenə təəssüflə qeyd edilməlidir ki, bu olay, yəni ermənilərlə ilk üz-üzə gəlişimiz nəticə etibarilə bizim üçün (perspektiv olaraq isə Azərbaycan dövləti üçün) geriyə doğru ilk addım oldu. Halbuki həmin olayla münaqişənin inkişaf səmti də, fəsadları da xeyli dərəcədə fərqli ola bilərdi. 1988-ci ilin 22 fevralında biz ilk dəfə erməninin üstünə getdik. Bu, xalqın, daha dəqiq desək, rəhbəri və ağıllı istiqamətvericisi olmayan kütlənin haqlı etirazının kortəbii bir təzahür forması idi. Rəsmilər paytaxt Bakının zavod-fabriklərində çalışan "erməni zəhmətkeşləri" televiziya ekranına çıxararaq onları Dağlıq Qarabağdakı bir qrup ekstremistin əleyhinə danışdırmaqla məşğul olduğu vaxtda, yerdəki əhali ermənilərin həyasız iddialarına bilavasitə cavab vermək qərarına gəlmişdi. Bəli, kütlə hər zaman emosional olur, ələlxüsus da belə bir şəraitdə. Eyni zamanda kütləyə sadəlövhlük və romantiklik xasdır. 16 il öncə erməninin üzərinə əliyalın gedənlər də hesab edirdi ki, ermənilərə bir möhkəm yumruq göstərməklə onların separatçılıq niyyətlərini məhv edəcək. Əlbəttə, ermənilərin separatçılıq niyyətlərini elə o vaxt məhv etməsək də, ən azı məlum fəsadlaradək qol-qanad açmasına imkan verməyə bilərdik. Amma yazıqlar onda oldu ki, aşağıdan gələn bu emosiya, kükrəyiş yuxarıda əyləşənlər tərəfindən lazımi məcraya və zamana yönəldilmədi. Həmin gün aqressiv erməni separatizminin təhlükəsini rəsmi dairələrdən fərqli olaraq daha real hiss edən minlərlə insan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə qərar çıxarmış Stepanakertə dinc yürüş etmək istəmişdi. Bu qarşıdurmaya çoxdan və əsaslı şəkildə hazırlaşan ermənilər "Qarabağ bizimdir" şüarı ilə yürüşə çıxanları özlərinə xas üslubda qarşıladılar. Lakin ən dəhşətlisi ermənidən yox, özümüzünkülərdən gördüyümüz oldu. Rəsmi dairələr, rəsmi ziyalılar və "ictimaiyyət" bu radikalizmi tənqidə tutdular ki, bəs iki xalq arasında nifaqı gücləndirir, ermənilərin ekstremizminə ekstremizmlə cavab verirsiniz. Beynəlmiləlçilik şüarları önə çıxdı, "Biri od olanda, biri su olar" xalq məsəli rəsmilərimizin dilindən düşmürdü. Çəkdiyimiz təkcə bunlar olsaydı nə idi ki? Əsgəran yaxınlığındakı toqquşmada iştirak edən azərbaycanlılar elə özümüzünkülər (raykomundan prokuror və milisinədək) tərəfindən həftələrlə, aylarla sağ-sola çəkildi, istintaq edildi, inzibati cəzalar verildi, rəsmi, qeyri-rəsmi cərimələr tutuldu. Bir sözlə, yüzlərlə insan günahkar sayıldı ki, bəs niyə vətənpərvərlik və milli təəssübkeşlik göstərib ermənilərin aqressiv separatizminə qarşı çıxmısınız. İstintaq-məhkəmədən yaxa qurtarmağın yolları isə o vaxt da məlum idi. Bu yolla nə qədər adamdan nə qədər pul qoparıldı. Ki bəs qələt eləyib erməninin üstünə getmisən. O cümlədən nə qədər gənc bu "silist"dən qaçaraq Rusiyətin şəhərlərində gizləndi və nə qədəri də heç geri qayıtmadı. Bax Qarabağ həyəcanımızın, torpaq yanğımızın ilk dalğası belə önləndi, gözümüzün odunu özümüz aldıq. Ermənilər isə vəziyyəti adekvat dəyərləndirdilər. Əsgərandakı toqquşmadan qalib çıxdıqları günün səhərisi "ikinci cəbhəni" işə saldılar. Ermənistandan azərbaycanlıların kütləvi deportasiyası başlanmışdı. Dağlıq Qarabağda qaynayan qazana toxunub əlini yandıran Azərbaycan cəmiyyəti və rəsmiyyəti bu prosesi faktiki olaraq gözardı etdi. Hər şey ermənilərin ssenarisi üzrə istiqamət aldı. Fevralın 25-də Əsgəranda daha iki azərbaycanlı öldürüldü. İtkilərimizə "adət" etməyə, faciələrə öyrəşməyə başladıq. Onların miqyası böyüdükcə qeyri-ixtiyari laqeydliyimiz də dərinləşib qalınlaşdı. Sonrası isə bəllidir. Soyuqqanlı və ağıllı istiqamətvericilərin yoxluğu emosiyalara yol açdı. Stepanakertdəki "miatsum" qərarından bir həftə sonra, fevralın 27-də Sumqayıt "baş verdi". Bu təxribatın mahiyyətini bu günədək adekvat dərk etməmişik. Sumqayıtda baş verən olayın pərdəarxası, ona məhz ermənilər tərəfindən rejissorluq edilməsi - bu barədə çox deyilib və yəqin ki, bundan sonra da deyiləcək. Amma bu hadisənin faktiki nəticəsi bu idi ki, biz Ermənistandakı azərbaycanlılara divan tutulmasına və Dağlıq Qarabağda başlanan aqressiv separatçılığa adekvat münasibət göstərə bilməmiş, hədəfi qoyub kənarı vurmuşduq. Bəli, biz ermənilərin üzərinə getməli idik. Çünki onlar yaşadıqları torpağa xəyanət edib onu oğurlamağa başlamışdılar. Oğrunun cəzası isə vaxtında verilməli idi. Lakin Əsgəranda öldürülənlərin, həmçinin Qafanda, Masisdə qətlə yetirilənlərin qisası Sumqayıtda yox, Qarabağda, separatizmin ocağında alınmalı idi. Əgər münaqişənin ilk vaxtlarında Dağlıq Qarabağda öldürülmüş azərbaycanlıların qisası olaraq 5-10 erməni öldürülsəydi, dünya bunu münaqişənin nəticəsi kimi təbii saymaq zorunda qalacaqdı. "Sumqayıt sindromu" konfliktin coğrafiyasından kənara çıxdı, bu təxribat ermənilərin ssenarisinə tam uyğun idi. Bu təxribat nəticə etibarilə Dağlıq Qarabağ məsələsini ermənilərin istədiyi məcraya saldı, beynəlxalq müstəvidə konfliktin mahiyyəti azərbaycanlıların məzlum ermənilərə divan tutması kimi tanındı. 16 ildir ki, erməni təbliğatı dünyanın beynini "Sumqayıt sindromu" ilə doldurur. Amma məsələ bununla bitmir. Düz 12 ildir ki, bu təxribat bizim iradəmizdən asılı olmayaraq Xocalı qətliamı üçün mənfi fon rolunu oynayır. Erməni yalanı bizim gerçəyi hələ də üstələməkdə, 1988-ci ilin 27 fevralı (Sumqayıt) 1992-ci ilin 26 fevralının (Xocalı) önünə keçməkdədir. Çünki dünya hər şeyin, o cümlədən Qarabağ münaqişəsinin tarixçəsini də xronikal qaydada həzm edir. O artıq başqa məsələdir ki, biz nə Sumqayıtdan öncə, hələ 1987-ci ilin noyabr-dekabrından başlayaraq Ermənistanda azərbaycanlılara necə divan tutulmasını, nə də Sumqayıtın Xocalıdan mahiyyət və miqyas fərqini dünyaya yetərincə anlada və həzm etdirə bilmişik. *** 1992-ci il fevralın 26-da (25-dən 26-na keçən gecə) Xocalıda baş verənlər gerçək mənada qətliam, soyqırımı idi. Xocalıda 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca məhz azərbaycanlı olduğu üçün qətlə yetirilmişdi. 130 uşaq yetim qalmış, 8 ailənin bütün üzvləri öldürülmüşdü. 1275 azərbaycanlı erməni əsarətinin dəhşətini yaşamalı olmuşdu. 150 nəfərin aqibəti bu gün də naməlumdur. Lakin Xocalı gerçəyi təkcə bu acı statistikadan ibarət deyil. Xocalı Azərbaycanın Qarabağ müharibəsində aldığı ən həssas zərbə və sonrakı məğlubiyyətlərimizi qismən labüd edən bir faciə oldu. Məhz Xocalı qətliamı Azərbaycana edilən təcavüzün gerçək mahiyyətini, erməni terrorizminin və vəhşiliyinin dəhşətli miqyasını ilk dəfə ortaya qoydu. Xocalını qoruya bilməməyimiz bütövlükdə Qarabağ müharibəsinə (artıq münaqişə deyil, müharibə) nə dərəcədə hazır olmadığımızın bariz göstəricisi idi. Üstəlik yeni yaranmaqda olan Azərbaycan Ordusu siyasi intriqaların güdazına verilmişdi. 1992-ci il yanvarın sonu - fevralın birinci yarısında Kərkicahan, Quşçular, Malıbəyli və Qaradağlı kəndlərinin işğalına Bakıdakı hakimiyyətin faktiki biganəliyi Xocalıya münasibətdə də aşkar idi. Kritik vəziyyətdə başını itirən hakimiyyət iflas həddində, müxaliflər isə hakimiyyət davasında idilər. Güc nazirliklərinin "həftəbaşı" dəyişdirilməsi biabırçı normallıq halını almışdı. Ordudakı başıpozuqluq, hərbi quruculuğun siyasi oyunbazlığın güdazına getməsi, Bakıdakı hakimiyyət dəhlizlərində Qarabağda yaşanan faciələrə göstərilən laqeydlik təkcə Xocalının deyil, sonrakı itkilərimizin də tanış əlamətləridir. Xocalı faciəsi və onun ətrafında cərəyan edən siyasi fars ümumilikdə Azərbaycanın Qarabağ itkisinin səhnəarxası gerçəklərini anlamaq üçün kifayət etməli idi və biz bu itkidən nəticə çıxarmalı idik. Lakin nə yazıqlar ki, Xocalı həqiqəti bizim üçün heç bir anlamda ibrət olmadı. Nə onun miqyasını yetərincə dərk etdik, nə də sonrakı faciələrimizi önləmək üçün nəticə çıxardıq. Əksinə, Xocalı böyük itkilərimizin başlanğıcı oldu. Necə ki, ondan 4 il öncə, 1988-in fevralından ibrət götürə bilməmişdik. 1988-in 20 fevralı Qarabağ davasının ilk səhifəsini hüquqi müstəvidə uduzmuşdusa, həmin ilin 22 fevralında bu davada ilk şəhidlərini vermişdisə və bütün bunlardan nəticə çıxarmamışdısa, 1992-nin 26 fevralı ilə artıq Dağlıq Qarabağı faktiki olaraq itirdik. Çünki Xocalı varkən Şuşanı qorumaq nə qədər asan idisə, Xocalıdan sonra bunu etmək bir o qədər müşkül idi. Amma biz tarixin o biri səhifələrini vərəqləmək niyyətində deyilik. Onsuz da bu illər ərzində itkilərimizin ildönümünü qeyd edərək tarixə çox qayıtmışıq. Artıq tarixin o üzündə qalanlara, itirdiyimiz torpaqlara qayıtmağın zamanıdır. Daha doğrusu, bunun zamanı çoxdan çatıb..

Tərtib etdi : Eyvazov Tağı

Ermenilerin toretdiyi vehsilikler

|
|
 |
|
|
|
|